K vitamini yağda həll olunan vitamindir, laxtalanma faktorlarının sintezində iştirak edir və sümüklərin inkişafına və ürək sağlamlığına mühüm təsir göstərir. K vitamini çatışmazlığı bədəndə əhəmiyyətli qanaxmalara, osteoporoza və ürək xəstəliklərinin artmasına səbəb ola bilər. K vitamininin 3 əsas növü var. K1 vitamini ispanaq və kələm kimi yaşıl yarpaqlı tərəvəzlərdə olur, K2 vitamini təbii halda bağırsaqlarda əmələ gəlir, K3 isə vitaminin sintetik formasıdır və suda həll olunur.
K vitamini çatışmazlığı ən çox yenidoğulanlarda olur. Əsas səbəblər bunlardır:
- Yeni doğulmuş körpələr bədənlərində çox az K vitamini ehtiyatı ilə doğulurlar.
- K vitamininin ananın plasentasından körpəyə ötürülməsi qeyri-kafi olur.
- Yalnız ana südü ilə qidalanan körpələr kifayət qədər K vitamini almırlar.
- Körpələrin bağırsaqlarında K vitamini istehsal edən faydalı bakteriyalar hələ formalaşmayıb.
- Körpələrdə öd yollarının tıxanmasına səbəb olan xəstəliklər də K vitamini çatışmazlığı ilə nəticələnir.
Yetkin insanlarda K vitamini çatışmazlığının səbəbləri:
- Öd yollarında tıxanma
- Yağların malabsorbsiyası (yağların mənimsənilməsi prosesinin pozulması)
- Kistik fibroz
- Nazik bağırsağın cərrahi çıxarılması
- Kifayət qədər qidalanmama
- Alkoqolizm
- Uzunmüddətli venadaxili qidalanma
- Xroniki ishal
- Qaraciyər xəstəlikləri
- İltihablı bağırsaq xəstəliyi
- Yayılmış damardaxili laxtalanma
- Xroniki böyrək xəstəliyi və dializ
- Pnkreas çatışmazlığı
Sefalosporinlər kimi bəzi antibiotiklər, salisilatlar, yüksək dozada E vitamini və qaraciyər çatışmazlığı xəstədə K vitamini çatışmazlığı varsa, qanaxma riskini artırır.
K vitamini çatışmazlığının ən əhəmiyyətli əlaməti qanaxmadır. Bu qanaxma yara və ya kəsikdən olmaya da bilər. Sağlam dəri və orqanlarda qanaxma meydana çıxır.
Ən çox K vitamini çatışmazlığı olan yenidoğulmuşlarda aşağıdakı simptomlar müşahidə edilə bilər:
- Göbək kordunun bölgəsində qanaxma
- Körpə sünnət edilmişsə, penisdə qanaxma
- Həzm sistemindən qanaxma, qanlı nəcis
- Dəridə göyərmə və qanaxma
- Beyində qanaxma
- Burun qanaması
Yetkin insanlarda K vitamini çatışmazlığının simptomlarına aşağıdakılar daxildir:
- Dəridə nöqtələr və ya böyük qançırlar
- Dırnaqların altında və diş ətində qanaxma
- Bədənin daxili orqanlarında qanaxma
- Bağırsaqlarda qanaxmaya görə tünd rəngli nəcis
Yenidoğulmuşlarda K vitamini çatışmazlığının qarşısını almağın ən mühüm üsulu körpə doğulan kimi K vitaminini iynə vasitəsilə vurmaqdır. Tətbiq olunan doza 1 mq-dır və əzələdaxili olaraq verilir. Nadir hallarda, sonradan qanaxma əlamətləri göstərən körpələr üçün əlavə dozalar tələb oluna bilər.
Yetkinlərdə K vitamini çatışmazlığının müalicəsi vəziyyətin şiddətindən və buna səbəb olan xəstəlikdən asılıdır.
Ağır və uzun müddətli pəhriz saxlamayan və balanslı qidalanan sağlam fərdlərdə K vitamini çatışmazlığı inkişaf etmir.
K vitamininin əsas mənbəyi bitkilərdir. Aşağıdakı qidalar K vitamini ilə zəngindir:
- İspanaq, kahı, noxud, lobya, acı tərə, brokoli və qulançar
- Yulaf və tam buğda unu
- Zeytun, kanola, pambıq və zəfəran yağları
- Soya
Qadınlar üçün tövsiyə olunan gündəlik K vitamini miqdarı 90 mkq/gün olduğu halda, kişilər üçün 120 mkq/gün tövsiyə edilir. Gündəlik doza venadaxili qidalanan və ağızdan qidalana bilməyən xəstələrdə 150 mkq olmalıdır.
Körpənizdə aşağıdakı simptomlardan hər hansı birini görsəniz, dərhal həkiminizlə əlaqə saxlayın:
- Xüsusilə körpənin başında və üzündə göyərmələrin olması
- Burun qanaması və göbəkdən qanaxma
- Qanlı qusma
- Körpənin nəcisi qanlı və ya qara rəngdədir
- Körpənin dəri rənginin solğunluğu
- Sakitləşdirilə bilməyən əsəbilik, daimi qusma, qıcolmalar, daimi yuxululuq beyin qanamasının əlamətləri ola bilər.
K vitamini qəbul etməyin mənfi təsirləri varmı?
K vitamini tövsiyə olunan dozalarda istifadə etməyin heç bir zərəri yoxdur. Həkimlərinizin məlumatı və tövsiyəsi olmadan K vitamini istifadə etməyiniz tövsiyə olunmur.