Sağlam hüceyrələr bölünmə, ölü hüceyrələri əvəz etmə və toxuma zədələnməsini bərpa etmə qabiliyyəti ilə yenilənir. Bu bölünmə və çoxalma DNT tərəfindən idarə olunur və müəyyən bir nizama malikdir. Ancaq DNT-nin bir qədər zədələnməsi nəticəsində bəzi hüceyrələr idarə olunmadan bölünür və çoxalırlar. Bu şəkildə idarə olunmadan bölünən və çoxalan hüceyrələrə “xərçəng” hüceyrələri deyilir. Bu hüceyrələr birləşərək “şişlər” əmələ gətirir. Bədənimizin müxtəlif toxuma və orqanlarında yarana bilən şişlər “xoşxassəli” və “bədxassəli” formalara bölünür. Bədxassəli şişlər böyüdükcə normal toxumaları zədələyir və xərçəng dediyimiz xəstəliklər yaranır. Bəzən xərçəng hüceyrələri qan və limfa dövranı ilə əmələ gəldiyi toxumadan başqa toxumalara çataraq xəstəliyin bədənin digər hissələrinə keçməsinə səbəb olur.
Xərçəng Xəstəliyi Növləri
Xərçəng xəstəliyi orqan, bölgə və mikroskopik quruluşuna görə təsnif edilir. Xəstəliyin 100-ə yaxın növü olmasına baxmayaraq, xərçəngin bəzi növləri tez-tez müşahidə olunur. Lakin ümumi xərçəng xəstəliyi növlərini aşağıdakı kimi sıralamaq olar:
- Ağciyər xərçəngi
- Döş xərçəngi
- Beyin şişləri
- Bağırsaq xərçəngi
- Dəri xərçəngi
- Ağız xərçəngi
- Prostat xərçəngi
- Yumurtalıq xərçəngi
- Qaraciyər xərçəngi
- Mədə xərçəngi
- Böyrək xərçəngi
- Boğaz xərçəngi
- Sidik kisəsi xərçəngi
- Mədəaltı vəzi xərçəngi
Məlumdur ki, dünyada hər il təxminən 14 milyon insan xərçəng xəstəliyinə tutulur və 8.2 milyona yaxın insan bu xəstəliklərdən dünyasını dəyişir. Kişilərdə ən çox rast gəlinən xərçəng növləri ağciyər, prostat, mədə, bağırsaq və sidik kisəsi olduğu halda, qadınlarda isə döş, bağırsaq, uşaqlıq və ağciyər xərçəngi müşahidə olunur.
Xərçəng Xəstəliyinin Yaranma Səbəbləri Nələrdir?
Xərçəng xəstəliyinin yaranma səbəbləri tam məlum olmasa da, iki qrup risk faktoru var. Bunlardan biri genetik meyl, yəni ailədə xəstəlik tarixi, digəri isə ekoloji “asanlaşdırıcı” amillərdir. Ətraf mühit səbəbi ilə xəstəliyin yaranma faktorlarına siqaret və spirt istifadəsi, sıx günəş işığına məruz qalma, radiasiya və ya yüksək dozada rentgen şüalarına məruz qalma, kanseregon kimi tanınan bəzi kimyəvi maddələrə məruz qalma, bəzi viruslar, pis yemək vərdişləri və havanın çirklənməsi amillərini daxil etmək olar. Bunlarla yanaşı, hamiləlik zamanı dölün ana bətnində məruz qaldığı faktorlar da, xərçəng xəstəliyinin yaranma səbəbi kimi qəbul edilir.
Xərçən Xəstəliyinin Müalicəsi Necə Olmalıdır?
Həkimlər xərçəngin növünü və diaqnoz mərhələsini müəyyənləşdirdikdən sonra, xəstənin ümumi sağlamlığına görə müalicə tətbiq etməlidirlər. Bununla yanaşı, xərçəng xəstəliyinin ümumi müalicəsinə aid olan yanaşmaları aşağıdakı kimi sıralamaq olar:
Kimyaterapiya – kimyaterapiyada bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Həmin dərmanlar xərçəng hüceyrələrini məhv etmək məqsədi daşıyır. Bununla yanaşı, dərmanlar da şişləri azaltmağa kömək edə bilər. Lakin kimyaterapiyanın bəzi yan təsirləri ağır ola bilər.
Hormon terapiyası – müəyyən hormonların işini dəyişdirən və ya bədənin onları istehsal etmə qabiliyyətinə mane olan dərmanların qəbulunu nəzərdə tutur. Hormonal terapiya bədəndəki hormonların miqdarını dəyişdirərək, döş, prostat vəzi və reproduktiv sistem xərçənglərinin müalicəsində istifadə edilir.
Xərçəng xəstəliyində yeni nəsil müalicə yanaşmalarından biri olan immunoterapiya isə, immunitet sistemini aktivləşdirmək və orqanizmin tək başına xərçəngə qalib gəlməsini təmin etmək məqsədi daşıyır. Kimyaterapiyadan və məqsədyönlü ağıllı müalicələrdən çox daha az yan təsiri olan immunoterapiya immun hüceyrələrdə yaddaş yaradır, daha yaxşı, uzunmüddətli və qalıcı reaksiyalar verir.